QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Real Madrid”in futbolçuları İspaniya çempionatında “Valensiya” ilə qarşılaşmanın fasiləsində “Mestalya” stadionunun mühafizəçiləri ilə mübahisə ediblər.

Birinci hissənin bitdiyini bildirən fitdən sonra “Valensiya”nın idman direktoru Braulio Vaskes baş hakimin köməkçisinə etirazını bildirib. Ardınca “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem Vaskesin kostyumundan tutub və hər iki komandanın oyunçuları arasında mübahisə başlayıb.

Stadionun mühafizəçiləri insidentə müdaxilə ediblər. Məlumata görə, “Real Madrid”in müdafiəçisi Antonio Rüdiger mühafizəçilərdən birinin üzünə əli ilə zərbə vurub.

“Valensiya” hadisənin videogörüntülərini hakimlərə təqdim edib. Bununla belə, insident matçın rəsmi protokoluna daxil edilməyib.