QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ administrasiyası dekabrın 2-də bir sıra ölkələrdən idxal olunan məhsullara gömrük rüsumlarının artırılmasını elan etməyi planlaşdırır.

Yeni tariflərin Çin, Meksika, Avropa İttifaqı və ondan çox başqa ölkəyə şamil ediləcəyi bildirilir. Vaşinqton həmin ölkələri yerli istehsalçılara subsidiya verməklə ABŞ sənayesinə zərər vurmaqda günahlandırır.

Eyni zamanda, ABŞ Ticarət Nümayəndəliyinin 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi əsasında başladılan araşdırmanı başa çatdıracağı gözlənilir. Bu müddəa prezidentə ədalətsiz iqtisadi təcrübələrə qarşı birtərəfli qaydada gömrük tarifləri tətbiq etmək imkanı yaradır.

Politoloq Əlimusa İbrahimov bildirib ki, Donald Trampın bu qərarı müəyyən nəticələr doğura bilər, amma əks təsir ehtimalı da yüksəkdir. Onun sözlərinə görə, rüsumlar büdcəyə gəlir gətirə və danışıqlarda təzyiq vasitəsinə çevrilə bilər, lakin ABŞ-da xərclərin yüksəlməsinə, ticarət tərəfdaşlarının cavab tədbirlərinə və ölkə istehsalının canlandırılması məqsədinin nəticəsiz qalmasına səbəb ola bilər.

İbrahimov qeyd edib ki, keçmiş məlumatlar və araşdırmalar tariflərin xərcini əsasən Amerika şirkətləri ilə istehlakçıların daşıdığını göstərir. Vergi Fondu (Tax Foundation) təşkilatının hesablamasına əsasən, Tramp administrasiyasının 2026-cı il rüsum siyasəti orta hesabla bir Amerika ailəsinin yaşayış xərclərini təxminən 1300 dollar artıracaq. Ekspert istehsalatın bundan fayda görmədiyini vurğулаıb: 2025-ci ilin aprelində qarşılıqlı tariflərin tətbiqindən sonra ABŞ istehsalatında 59 000 iş yeri ixtisar edilib, Satınalma Menecerləri İndeksi (PMI) isə ardıcıl doqquz ay tənəzzül zonasından çıxmayıb.

Politoloqun fikrincə, digər ölkələrin yeni tariflərə cavab verməsi ehtimalı var. 2025-ci ildəki gömrük mübahisəsi zamanı Avropa İttifaqı ABŞ mallarına 25 faizlik cavab rüsumu tətbiq edib, Çin də bəzi Amerika məhsullarına tarifləri yüksəldib. İbrahimov hazırkı vəziyyətdə oxşar qarşılıqlı addımların təkrarlana biləcəyini deyib.

O, rüsumların ticarət kəsirini azaltmaq qabiliyyətinin də şübhə doğurduğunu bildirib. Yel Universitetinin alimi Stiven Rouçun araşdırmasına görə, Çindən başqa istiqamətlərə yönələn ticarət axınlarının 70 faizdən çoxu istehsal məsrəflərinin eyni və ya daha yüksək olduğu ölkələrə keçir. Ekspert bunun Amerika şirkətləri və alıcıları üzərində əlavə vergi yükü yaratdığını qeyd edib.

İbrahimovun qənaətinə görə, yeni tariflər ABŞ-yə müəyyən gəlir və danışıqlarda üstünlük verə bilər, lakin ailələrin artan məsrəfləri, istehsalatdakı iş itkiləri, tərəfdaşların cavab tədbirləri və bazar qeyri-sabitliyi də ölkə iqtisadiyyatına təsir göstərəcək. O bildirib ki, 2025-ci ilin göstəriciləri rüsumlarla istehsalatın dirçəldilməsi hədəfinin doğrulmadığını göstərir və eyni siyasətin təkrarlanması başqa nəticə vəd etmir.