QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda torpaq sahələrinə marağın artması, xüsusilə Bakıətrafı ərazilərdə tikintiyə yararlı torpaqların qiymətinə təsir edir. Mənzil və fərdi evlərin bahalaşması bəzi alıcıları hazır ev almaq əvəzinə torpaq alıb tikintini mərhələlərlə aparmağa yönəldir.
Əmlak eksperti Anar Nəsirov bildirib ki, 2026-cı ildən torpaq sahələrinə maraq əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Onun sözlərinə görə, hazır ev almağa maddi imkanı çatmayan şəxslər büdcələrinə uyğun tikinti aparmaq üçün torpaq almağa üstünlük verirlər.
Ekspert qeyd edib ki, tələbat bütün torpaq sahələrinə deyil, əsasən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş, çıxarışı olan və yaşayış məntəqələri kateqoriyasına daxil edilən ərazilərə yönəlir. Belə sahələrin məhdudluğu qiymətlərin yüksəlməsini sürətləndirən amillərdəndir.
Nəsirov bildirib ki, torpaq alıb evi mərhələli şəkildə tikmək maliyyə yükünü azalda bilər. Vətəndaşlar layihəni hazırladıb müvafiq qaydada təsdiqlətdikdən sonra tikintiyə başlayır, əvvəlcə əsas konstruksiyanı, daha sonra otaqları və təmir işlərini imkanlarına uyğun həyata keçirirlər. Bu üsul böyük məbləğdə kredit götürmədən ev tikməyə şərait yaradır.
Ekspertin fikrincə, bazarda qiymət artımının digər səbəbi sənədləri qaydasında olan və tikinti üçün yararlı sahələrin azlığıdır. O vurğulayıb ki, torpağın çıxarışının olması öz-özlüyündə fərdi ev tikməyə icazə verildiyini göstərmir.
Nəsirov alıcıları çıxarışda qeyd olunan torpağın təyinatını yoxlamağa çağırıb. Fərdi yaşayış evi üçün sahə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmalıdır. Kənd təsərrüfatı, sənaye və başqa təyinatlı ərazilərdə kateqoriyanın tələblərinə uyğun olmayan tikinti hüquqi çətinliklər yarada bilər.
Çıxarışı olmayan torpaqlarda tikintinin də ciddi risklər daşıdığını deyən ekspert bildirib ki, vətəndaşlar maddi zərərə düşə, inzibati məsuliyyətə cəlb oluna və tikilinin sökülməsi təhlükəsi ilə üzləşə bilərlər. O, torpaq almamışdan əvvəl sahənin hüquqi vəziyyətini, təyinatını və yaşayış evi inşası üçün uyğunluğunu dəqiqləşdirməyi tövsiyə edib.
Nəsirov gələcəkdə qiymətlərin artmasını istisna etməyib. Onun qənaətinə görə, sənədləşdirilmiş, tikintiyə yararlı torpaqların sayı məhdud qaldığı, tələbat isə yüksəldiyi halda bahalaşma davam edə bilər.
Ekspert sənədsiz torpaq sahələrinin və həmin ərazilərdə tikilmiş evlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin həm vətəndaşlara, həm də dövlətə fayda verəcəyini bildirib. Bu əmlaklara çıxarış verilməsi alqı-satqının rəsmiləşdirilməsini, dövlət rüsumları və vergi daxilolmalarının artmasını, eləcə də torpaq və evlərin banklarda girov kimi istifadə imkanlarının genişlənməsini təmin edə bilər.
Onun sözlərinə görə, sənədsiz sahə və tikililərin rəsmiləşdirilməsi mülkiyyət hüquqlarının qorunmasına, eyni zamanda dövlət büdcəsinə hər il milyonlarla manat əlavə vəsait daxil olmasına töhfə verə bilər.