QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda Zəfər Gününün altıncı ildönümü qeyd olunub. 44 günlük Vətən müharibəsindəki qələbəni anmaq üçün rayon sakinləri Xırdalanda, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında bir araya gəliblər.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova, Rizvan Nəbiyev, Zaur Şükürov və Ramid Namazov, regional idarələrin və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, eləcə də rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar şəhid övladları ilə birlikdə Xırdalanda ucaldılmış Heydər Əliyev abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Daha sonra şəhid ailələri, şəhid övladları, qazilər və rayon sakinləri Şəhidlər Xatirə Kompleksinə gedərək şəhidlərin xatirəsini anıblar.

Zəfər Günü münasibətilə parkda tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli konsert proqramı təşkil olunub. Çıxışlarda 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə Azərbaycan Ordusunun qələbə qazandığı, bununla da 30 illik vətən həsrətinin sona çatdığı vurğulanıb.

Həmçinin “Dəmir yumruq” ətrafında xalqın birliyi, ordunun döyüş əzmi və şəhidlər ilə qazilərin qəhrəmanlığının düşməni kapitulyasiya aktı imzalamağa məcbur etdiyi qeyd olunub. Tədbir atəşfəşanlıqla başa çatıb.