QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti hava limanlarındakı VİP və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydaları və bu hüquqa malik şəxslərin siyahıları ilə bağlı 29 oktyabr 2021-ci il tarixli qərara dəyişiklik edib. Baş nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri Azərbaycan aeroportlarında VİP salondan istifadə edə bilən vəzifəli şəxslərin siyahısından çıxarılıb.

Daxili hava daşımaları üzrə siyahıya isə Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin köməkçisi, Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan üzrə baş idarələrinin rəisləri, eləcə də Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəisi daxil edilib.

Siyahıda həmçinin Naxçıvan hərbi prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan üzrə baş idarəsinin rəisi, Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanı və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri yer alıb.

VİP salondan istifadə hüququ qazananlar sırasına Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, Hesablama Palatasının Naxçıvan üzrə idarəsinin rəisi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri və Naxçıvan Dövlət Universitetinin rektoru da əlavə olunub.