QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2025-ci il üzrə məlumatlarına əsasən, Azərbaycan internet istifadə səviyyəsinə görə dünya ölkələri arasında 63-cü sırada yer alıb. Ölkədə göstərici 90,8 faiz təşkil edib.
Siyahı tərtib edilərkən son üç ayda internetdən yararlananların əhalinin ümumi sayındakı payı nəzərə alınıb. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndə bu göstərici 100 faizə çatıb və həmin ölkələr reytinqin ilk yerlərini tutublar.
Danimarka 99,77 faizlə beşinci, Lüksemburq 99,13 faizlə altıncı, Monako 99,04 faizlə yeddinci, Norveç isə 99 faizlə səkkizinci yerdədir.
Azərbaycanın göstəricisi Gürcüstandan (83,8%), Ermənistandan (83,43%) və Türkiyədən (89,77%) yüksəkdir. Bununla belə, Rusiya (95,57%) və Qazaxıstan (93,39%) Azərbaycandan öndə qərarlaşıb.
Regional nəticələr Avropa və Şimali Amerikada internetdən istifadənin, əsasən, yüksək olduğunu göstərir. Asiya ölkələri arasında Malayziya 98,28 faiz, Sinqapur 97,37 faiz, Cənubi Koreya isə 96,09 faizlə seçilir.
Afrikanın bir sıra ölkələrində göstəricilər aşağıdır: Nigeriyada 41,21%, Keniyada 34,98%, Zambiyada 29,7% qeydə alınıb. Məlumatlarda bu fərqlə bağlı səbəblər sırasında telekommunikasiya infrastrukturunun yetərsizliyi, mobil internetin baha olması və kəndlərdə şəbəkənin genişləndirilməsinin çətinliyi göstərilir.
Reytinqin ən aşağı pillələrində Burundi 8,6%, Uqanda 8,95%, Çad 12,63% və Mərkəzi Afrika Respublikası 13,78% göstəriciləri ilə yer alıb. Əfqanıstanda internet istifadəçilərinin əhali içindəki payı 16,09 faizdir.