QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Çin ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin iştirakı ilə üçtərəfli sammit keçirmək üçün diplomatik əlaqələrin davam etdiyini ilk dəfə təsdiqləyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin dünənki mətbuat konfransında Pekinin Vaşinqton və Moskva ilə mümkün liderlər görüşünə dair təmasları saxladığını bildirib. ABŞ, Rusiya və Çin rəsmilərinin sammitin təşkili barədə təxminən iki həftədir müzakirələr apardığı qeyd olunur. Kremlin sözçüsü Dmitri Peskov da hazırlıq prosesinin davam etdiyini təsdiqləyib.

Görüşün noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) toplantısı çərçivəsində baş tutması nəzərdən keçirilir. Çin isə sammitə ev sahibliyi barədə hələ yekun qərar verməyib.

ABŞ və Rusiyanın Pekini üç ölkə liderlərinin görüşünə razı salmağa çalışdığı bildirilir. Donald Trampın xüsusilə nüvə silahları məsələsini müzakirəyə çıxarmaq istədiyi qeyd olunur.

Mümkün sammitdə nüvə silahlarının məhdudlaşdırılması, Ukrayna müharibəsi və böyük dövlətlər arasındakı münasibətlərin gündəmə gələcəyi ehtimal edilir. Beynəlxalq strateji araşdırma mərkəzlərinin fikrincə, belə bir görüş Moskvanın diplomatik mövqeyini möhkəmləndirə, Pekinin vasitəçilik imkanlarını isə genişləndirə bilər.