QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 2027-ci ildə vergi bazasının genişləndirilməsi və vergi inzibatçılığının gücləndirilməsi planlaşdırılır. Bu addımlar qeyri-neft-qaz ÜDM-in artım tempinin mümkün zəifləməsinin büdcə gəlirlərinə və fiskal balansa təsirini məhdudlaşdırmaq məqsədi daşıyır. Ortamüddətli fiskal konsolidasiyanın davam etdirilməsi də nəzərdə tutulub.

Bu hədəflər 2027-ci ilin büdcə zərfinin layihəsində əksini tapıb. Sənəddə iqtisadi artımla bağlı mümkün mənfi kənarlaşmaların fiskal göstəricilərə təsirinin məhdudlaşdırılması və ortamüddətli dövrdə fiskal dayanıqlığın qorunması qeyd olunur.

Dövlət müəssisələrinin fəaliyyət səmərəliliyinin artırılması, subsidiyaların optimallaşdırılması və tənzimlənən qiymətlərin rolunun mərhələli azaldılması üzrə tədbirlər də həyata keçirilir. Həmçinin dövlət müəssisələrində idarəetmə və hesabatlılıq standartlarının yaxşılaşdırılması nəzərdə tutulur.

Bu tədbirlərin dövlət maliyyəsi üçün yarana biləcək yükü azaltması, rəqabət mühitini yaxşılaşdırması və qeyri-neft iqtisadiyyatının artımını dəstəkləməsi hədəflənir.