QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ağdam rayonunda 30 milyon tona yaxın söküntü tullantısı aşkarlanıb və laborator təhlillərə əsasən, onun 80-85 faizi təkrar istifadəyə yararlıdır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev məlumat verib.
O, fikirlərini “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində təşkil olunan 3-cü Dayanıqlı Tikinti Sammitində, “Tullantıdan resursa” panelində səsləndirib. Nəbiyev bildirib ki, ölkədə genişmiqyaslı tikinti və bərpa işlərinin aparılması tullantıların düzgün idarə edilməsini daha aktual edib. Bu məsələ sosial-iqtisadi inkişaf strategiyalarında da prioritetlər sırasındadır.
Sektor müdirinin sözlərinə görə, 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası yekunlaşmaq üzrədir. 2027–2030-cu illəri əhatə edən yeni strategiyanın yaxın günlərdə təsdiqlənməsi gözlənilir. Sənəddə tullantıların səmərəli, o cümlədən məişət tullantılarının dayanıqlı idarə olunması ayrıca istiqamət kimi yer alıb.
Nəbiyev qeyd edib ki, tikinti fəaliyyətinin böyüməsi tullantıların həcmini artırır. Mövcud problemlərin həlli, bu materialların təkrar emalı və resursa çevrilməsi ekologiya sahəsində mühüm vəzifələrdəndir.
Nazirlik bir neçə ildir tikinti tullantılarının idarə edilməsi üzrə pilot layihələr həyata keçirir. İlk təşəbbüslərdən biri 2020-ci ildən Qarabağda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaranan böyük həcmli söküntü tullantılarına yönəlib. Beynəlxalq ekspertlərin, o cümlədən BMT-nin Ətraf Mühit Proqramı mütəxəssislərinin iştirakı ilə Şuşa və Ağdamda qiymətləndirmələr aparılıb.
Hesabatın nəticələri Ağdamda özəl sektor nümayəndələrinə təqdim olunub. “Holcim” sement zavodunun təşəbbüsü ilə rayonda başladılan ilk pilot layihə çərçivəsində 120 min tona yaxın söküntü tullantısı emal edilərək təkrar istifadəyə yönəldilib.
Mehman Nəbiyev əlavə edib ki, pilot layihələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər ərazilərində, eləcə də ölkənin müxtəlif bölgələrində tətbiqi üçün işlər davam edir.