QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC yeni sərnişin qatarlarının alınması istiqamətində iş aparır. Şirkətdən bildirilib ki, parka 50 yataq tipli vaqon və 20 elektrik qatarı əlavə olunması nəzərdə tutulur.

ADY-nin açıqlamasına görə, parkın yenilənməsi və genişləndirilməsində məqsəd sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələrinin texniki imkanlarını artırmaqdır.

Hazırda sərnişin daşımalarında İsveçrənin “Stadler” şirkətinin hazırladığı 9 ikimərtəbəli elektrik qatarı, 4 birmərtəbəli dizel qatarı və dəyişən cərəyanla işləyən 6 birmərtəbəli elektrik qatarı istifadə olunur. Parkda, həmçinin Fransada istehsal edilmiş 10 “Alstom AZ4A” seriyalı sərnişin elektrovozu və 18 müasir “Stadler” yataq vaqonu var.

İstismarda əsaslı təmir görmüş 50 yataq tipli, eləcə də oturacaqlı 13 sərnişin vaqonu da mövcuddur. Yeni yataq vaqonları və elektrik qatarlarının alınması ilə bağlı işlər davam edir.

Bundan əlavə, bu il Çin şirkətləri ilə 4 sərnişin lokomotivi və eyni sayda qatarın alınmasına dair müqavilələr imzalanıb.