QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ İranın nüvə proqramı və xaricdə dondurulan aktivləri ilə bağlı qarşılıqlı güzəştləri nəzərdə tutan müvəqqəti razılaşma layihəsini qəbul edib. Bu barədə Qətər və Pakistan vasitəçilərinə yaxın mənbələr məlumat verib.
Layihəyə əsasən, Tehran nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə gedəcək, Vaşinqton isə başqa ölkələrdə saxlanılan İran aktivlərinin bir hissəsini azad edəcək. Bu addımların eyni vaxtda elan olunması nəzərdə tutulur.
Tərəflər razılaşmanın rəsmi şəkildə hansı qaydada açıqlanacağını müzakirə edirlər. Əvvəlcə ilkin razılaşmanın mərhələlərlə icrası, daha sonra isə ABŞ və İran arasında danışıqların bərpası planlaşdırılır.
Siyasi şərhçi Elçin Alıoğlu İran-ABŞ münasibətlərində gərginliyin azaldığı qənaətində olmadığını bildirib. Onun sözlərinə görə, İran hakimiyyəti nüvə silahını iqtidarın xarici təsirlərdən və devrilmək təhlükəsindən qorunmasının yeganə vasitəsi hesab edir. Alıoğlu İsrail və Şimali Koreyanın nüvə silahına malik olmasına baxmayaraq, onlara qarşı sanksiya tətbiq edilmədiyini də vurğulayıb.
Ekspert hesab edir ki, Tehran nüvə silahını rejimin təhlükəsizliyinin əsas təminatı sayır. Sanksiyalar İranın hərbi-texniki imkanlarını və müasir silahlar sahəsində potensialını İsrail və ABŞ-la müqayisə ediləcək səviyyəyə çatdırmasına mane olur.
Alıoğlunun fikrincə, İran müdafiəsini üç istiqamətə əsaslandırıb. Bunlara proksi qüvvələr və ölkə daxilində asimmetrik müharibəyə hazırlıq, ballistik raket və pilotsuz uçuş aparatlarının istehsalı, həmçinin Hörmüz boğazına nəzarət üçün mina və pilotsuz qayıqlardan istifadə daxildir. Üçüncü istiqamət isə nüvə proqramıdır.
İran nüvə silahı əldə etmək niyyətinin olmadığını bəyan etsə də, uranın zənginləşdirilmə səviyyəsi 60 faizi ötüb. Ekspertin qeyd etdiyi məlumata görə, zənginləşdirilmiş uranın həcmi 483,4 kiloqramdır. Alıoğlu bu göstəricilərin İranın nüvə doktrinasını anlamağa imkan verdiyini bildirib.