QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda ilk dəniz milli parkının yaradılması üzrə hazırlıq işlərinə başlanıb və ərazinin xəritələşdirilməsi başa çatıb.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu” panelində danışıb. Onun sözlərinə görə, dəniz akvatoriyasının Abşeron Milli Parkına birləşdirilməsi planlaşdırılır.
Allahverdiyev bildirib ki, Bakı yaxınlığında yerləşən Abşeron Milli Parkı 700 hektar sahəni əhatə edir və ölkənin ən kiçik milli parkıdır. Yeni təşəbbüs çərçivəsində dəniz sahəsi də parkın tərkibinə daxil ediləcək. Həmin ərazidə mühafizənin təmin olunması məqsədilə reydlər keçiriləcək, qanunsuz balıq ovunun qarşısını almaq üçün tədbirlər görüləcək.
Xidmət rəis müavini xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və ekosistemlərin təbii vəziyyətinin qorunmasını əsas fəaliyyət istiqamətlərindən biri kimi göstərib. O qeyd edib ki, Ağgöl Milli Parkında su ekosistemi və balıq ehtiyatları təbii şəraitdə mühafizə olunur.
Allahverdiyevin sözlərinə görə, ərazilərdə qoruma tədbirləri ilboyu davam edir. Balıqların kürüləmə mərhələsində və digər həssas dövrlərdə isə qanun pozuntularının qarşısını almaq üçün növbəli qaydada sutkalıq iş rejimi tətbiq olunur.