QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsovaya arzuolunmaz təşkilata rəhbərlik işi üzrə qiyabi olaraq dörd il həbs cəzası təyin edib.
Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza müddəti Nemtsovanın Rusiya ərazisində saxlanılacağı və ya ekstradisiya ediləcəyi tarixdən hesablanacaq. Məhkəmə, eyni zamanda, ona səkkiz il müddətinə internet resurslarını idarə etməyi qadağan edib.
İttiham tərəfinin versiyasına görə, cinayət işi Nemtsovanın rəhbərlik etdiyi və Rusiyada arzuolunmaz elan edilmiş “Azadlıq naminə Boris Nemtsov Fondu” ilə bağlıdır. Prokurorluq onun fondun bu status alması barədə məlumatlı olduğunu, bunu Nijni Novqorod mediasına müsahibəsində etiraf etdiyini və təşkilat reyestrə daxil edildikdən sonra da ona rəhbərlik etdiyini bildirib.
Nemtsovanın vəkili Aleksey Svetkov isə ittiham tərəfinin zəruri ekspertiza keçirmədiyini və Janna Nemtsovanın fond rəhbəri olduğunu təsdiqləyən sənədləri təqdim etmədiyini deyib.
Nemtsova Rusiya Cinayət Məcəlləsinin 284.1-ci maddəsinin 3-cü hissəsi ilə mühakimə olunub. Həmin maddə Rusiyada arzuolunmaz elan edilmiş təşkilatın fəaliyyətinin təşkilinə aiddir. O, ölkə ərazisində qiyabi həbs edilib.
Bonn şəhərində fəaliyyət göstərən “Azadlıq naminə Boris Nemtsov Fondu” təhsil, mədəniyyət və ekspert layihələri həyata keçirir. Təşkilat 2024-cü ildə Rusiyada arzuolunmaz elan olunub. Nemtsova hazırda Almaniyada yaşayır.
Boris Nemtsov 1990-cı ildə Rusiyanın hakimiyyətində yüksək vəzifələr tutub, 2000-ci illərdə isə müxalifətə qoşulub. O, 2015-ci il fevralın 28-də Moskvanın mərkəzində güllələnib.