QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla bağlı bəzi fərmanlarda dəyişiklik edilməsi barədə sənəd imzalayıb.
Fərmanın məqsədi işğaldan azad olunmuş ərazilərin iqtisadi imkanlarından səmərəli yararlanmaq, kənd təsərrüfatını bərpa edib inkişaf etdirmək, müasir texnologiyalarla rəqabətqabiliyyətli məhsul istehsalı və emalı üçün infrastruktur qurmaqdır. Sənəd, həmçinin aqrar-sənaye sahəsində sahibkarlığın genişlənməsinə, yerli istehsalın və məşğulluğun artmasına yönəlib.
Qərara əsasən, Zəngilan və Qubadlı rayonlarının ərazisində Zəngilan Aqroparkı yaradılacaq. Burada müasir texnologiya və üsullardan istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsal ediləcək, emal və qablaşdırma işləri aparılacaq, eləcə də xidmətlər göstəriləcək. Ərazi məhsulların saxlanması, çeşidlənməsi və satışı üçün də nəzərdə tutulub və sahibkarların fəaliyyətinə, inkişafına dəstək verməlidir.
Aqroparkın təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri hazırlamaq və həyata keçirmək, o cümlədən müvafiq dövlət dəstəyində iştirakı təmin etmək İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə olunub.
Aqroparkın fəaliyyətə hazırlanması, ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, daxili və xarici infrastrukturun qurulması üçün layihələndirmə işlərinə 2026-cı ilin dövlət büdcəsində Prezidentin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb. İnfrastruktur obyektlərinə enerji, qaz, su, kanalizasiya, rabitə və yol-nəqliyyat sistemləri, yanğından mühafizə, istehsal-emal, inzibati və sosial təyinatlı obyektlər daxildir.