QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda alimentin tutulmasına qanunvericiliklə müəyyən edilmiş hallarda son qoyula bilər. Hüquqşünas Toğrul Məmmədov bu əsaslar barədə məlumat verib.

Onun sözlərinə görə, uşaq 18 yaşına çatdıqda aliment öhdəliyi başa çatır. Aliment ödənilən uşağın başqa şəxs tərəfindən övladlığa götürülməsi də ödənişin dayandırılması üçün əsas sayılır.

Məhkəmə aliment alan şəxsin artıq maddi yardıma ehtiyac duymadığını və ya əmək qabiliyyətinin bərpa edildiyini müəyyənləşdirərsə, aliment ödənişinə xitam verilir.

Öhdəlik aliment alan və ya ödəyən şəxsin vəfatı halında da sona çatır. Toğrul Məmmədovun bildirdiyinə görə, əmək qabiliyyəti olmayan və maddi dəstəyə ehtiyacı olan ər və ya arvad yenidən nikaha daxil olduqda da aliment ödənişi dayandırılır.

Beləliklə, aliment yalnız tərəflərin razılığı əsasında deyil, qanunvericilikdə göstərilən hüquqi hallar yarandıqda da ödənilmir.