QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Qərbi Azərbaycanın Xələc kəndində məscid kimi istifadə olunduğu ehtimal edilən tikilinin girişində XIX əsrin sonlarına aid ərəb yazısı aşkarlanıb. Yazı giriş qapısının üstündəki yarımoval formalı daşlardan birinin üzərində qalıb.

Tikili 2021-2024-cü illərdə Ermənistan ərazisində Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi məqsədilə aparılmış çöl tədqiqatları zamanı üzə çıxarılıb. Araşdırmalar “Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət” işi çərçivəsində həyata keçirilib.

Xələc kəndi ən azı 200 il bu adı daşıyıb. 2006-cı ilin iyulunda yaşayış məntəqəsinin adı Açanan olaraq dəyişdirilib. Kənd 1995-ci ildən Ermənistanın Sünik vilayətinə daxildir. XVIII əsrin ortalarından Rusiya işğalınadək onun ərazisi Qarabağ xanlığının Acanan Türk mahalında olub, daha sonra isə Yelizavetpol quberniyasının Zəngəzur qəzasına daxil edilib.

1823-cü ildə A.P. Yermolovun əmri ilə hazırlanmış “Qarabağ əyalətinin təsviri” sənədində kənddə azərbaycanlıların əcdadlarının yaşadığı göstərilir. Statistik məlumatlara görə, 1831-ci ildə burada 23, 1873-cü ildə 34 nəfər olub. Əhalinin sayı 1897-ci ildə 329-a, 1900-cü ildə 334-ə, 1908-ci ildə isə 401 nəfərə çatıb. 1914-cü ildə kənddə 300 nəfər yaşayırdı və sakinlərin əksəriyyəti azərbaycanlıların əcdadları idi.

Arxiv sənədlərinə əsasən, 1918-ci ilin dekabrında erməni silahlı birləşmələri kəndi atəşə tutub. Hücum zamanı 80 nəfər öldürülüb, sağ qalanlar isə yaşayış məntəqəsini tərk etməyə məcbur olublar. Kənd talan edilərək yandırılıb. Onun dağıdılması 1919-cu il tarixli erməni mənbələrində də qeyd olunub.

1920-ci illərin əvvəllərində azərbaycanlılar kəndə geri dönməyə başlayıblar. 1922-ci ildə Xələcdə 132 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə isə 114 nəfər yaşayıb. 1948-ci ildə kəndin 48 azərbaycanlı sakini zorla Azərbaycanın Daşkəsən rayonuna köçürülüb. 1959-cu ildə əhalinin sayı 269, 1979-cu ildə 331 nəfər olub; həmin dövrlərin məlumatlarında sakinlərin hamısı azərbaycanlı göstərilir.

1902-ci il tarixli “Yelizavetpol quberniyası haqqında məlumat toplusu”nda kənddə məscidin fəaliyyət göstərdiyi yazılıb. Yeni tədqiqat zamanı tapılan tikilinin də əvvəl məscid kimi xidmət etdiyi ehtimal edilir.