QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, 2026-cı ilin noyabr ayı üzrə hesablamalara əsasən, Avropanın müxtəlif şəhərlərində mərkəzdə yerləşən 50 kvadratmetrlik mənzilə sahib olmaq üçün neçə illik orta xalis əməkhaqqı tələb olunur.

Göstəricilərə görə, siyahıda ən yüksək nəticə Moskvanın payına düşüb. Rusiya paytaxtında mənzil almağa orta maaşın 22,8 il ərzində yığılması kifayət edir.

Tirana 19,3 illə ikinci, Lissabon isə 19 illə üçüncü yerdə qərarlaşıb. İlk beşliyə, həmçinin, Romanın 17,4 il və Belqradın 17,3 il göstəriciləri ilə daxil olduğu bildirilir.

34 şəhərlik reytinqdə Bakı 10-cu sırada yer alıb. Paytaxtın mərkəzində bir kvadratmetr mənzilin orta qiyməti 3 781 manat, orta aylıq xalis əməkhaqqı isə 1 127 manatdır.

Bu rəqəmlər əsasında 50 kvadratmetrlik mənzilin dəyəri Bakıda təxminən 189 min manat edir. Maaşın heç bir hissəsinin xərclənmədən yığıldığı fərziyyəsi ilə həmin məbləği toplamaq üçün təqribən 14 il lazımdır.

London üçün mənzil almağa 13,7 illik, Sürix üçün isə 13,6 illik orta əməkhaqqı hesablanıb.

Reytinqin daha əlverişli son pillələrində Brüssel yer alır: Belçika paytaxtında 50 kvadratmetrlik mənzilin qiymətini toplamaq üçün altı illik orta gəlir tələb olunur.

Məlumatlarda mənzil qiymətlərinin gəlirlərlə birlikdə nəzərdən keçirilməsinin əhəmiyyəti də görünür. Tirana şəhər mərkəzində 50 kvadratmetrlik mənzil təxminən 190 min avroya başa gəlir, Sürixdə isə qiymət 1,2 milyon avroya yaxındır.

Bununla yanaşı, Sürixdə orta aylıq xalis əməkhaqqı 7 361 avro olduğu halda, Tiranada bu məbləğ 818 avrodur. Beləliklə, Sürixdə mənzil daha altı dəfədən çox baha olsa da, yerli gəlirlə müqayisədə onu almaq Tiranadakından daha əlçatandır.