QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, onlayn platformalarda saat 22:00-dan sonra təklif olunan “gecə endirimləri” alıcıların alış-veriş marağını artırsa da, mütəxəssislər bu kampaniyaların istehlakçını düşünülməmiş xərclərə sövq edə biləcəyini deyirlər. İqtisadçı Günay Hüseynovanın fikrincə, bu üsul real güzəştdən çox, süni tələskənlik yaradaraq satışları yüksəltməyə xidmət edir.

Hüseynova bildirib ki, gecə kampaniyalarının başlanma vaxtı təsadüfi seçilmir: platformalar insanların işdən sonrakı və asudə vaxtını nəzərə alır. Müəyyən saatlarda xüsusi qiymətlərin təklif olunması istehlakçı davranışlarına hesablanıb. Endirimə görə təşvişə düşən, qiymətin həqiqətən azalıb-azalmadığını araşdırmayan və kiçik güzəşti görən kimi sifariş verən alıcılar kampaniyaların əsas hədəfidir.

İqtisadçının sözlərinə görə, gecə vaxtı araşdırma və müqayisə etmədən verilən sifarişlər şəxsi maliyyə yükünü artırır. Belə alışların arxasında əsasən psixoloji amillər dayandığından, kənardan verilən məsləhətlərlə bu davranışı dəyişmək çətin olur.

Hüseynova qeyd edib ki, rəqəmsal səbətə əlavə olunan, amma alınmayan məhsullara cüzi endirim tətbiq edilməsi belə səbətlərin 90 faizinin boşalmasına gətirib çıxara bilər.

O, bəzi sahibkarların eyni məhsulu müxtəlif şirkət və hesablar vasitəsilə fərqli qiymətlərə təqdim etdiyini də vurğulayıb. Alıcı əvvəlcə yüksək qiymətli təkliflə qarşılaşır, sonra başqa hesabdakı nisbətən ucuz qiyməti görüb sifariş verir. Ekspert real qiyməti müəyyənləşdirmək üçün təklifləri ənənəvi mağazalar və müstəqil satıcıların qiymətləri ilə tutuşdurmağı vacib sayır.

İqtisadçı emosional xərcləmələrin qarşısını almaqda maliyyə intizamının roluna toxunaraq, tələbat və xərclərlə yanaşı, psixoloji amillərin də əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, ən ciddi risk alış-verişdən psixoloji asılılıqdır: belə vəziyyətdə olan şəxslər xərclərini nəzarətdə saxlamaqda çətinlik çəkir və mütəxəssis məsləhətlərinə əməl etmirlər.

Hüseynova nümunə olaraq 100 manatlıq məhsulun 90 manata satılmasını göstərib. Bu halda 10 manat satıcının zərəri deyil, alıcının büdcəsindən çıxan 90 manatdır. İstehsalçı və ya satıcının xüsusi güzəşti, yaxud xərclərində azalma yoxdursa, məhsulu zərərlə satması gözlənilmir. Şirkətlər endirim tətbiq etsələr də, qiymət fərqi adətən mənfəət marjasına zərər vurmayacaq səviyyədə saxlanılır.