QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, layihələndirmə qaydalarının əhatə etdiyi bütün heyvandarlıq və quşçuluq binalarında ventilyasiya sistemi olmalıdır. Bununla bağlı müvafiq qərar imzalanıb.

Sənədə görə, ventilyasiya vasitəsilə tələb olunan temperatur və digər mikroiqlim göstəricilərini yaratmaq mümkün olmadıqda, texnoloji tələblərə uyğun şəkildə heyvan və quşların saxlandığı yerlərdə kondisionerdən istifadə edilə bilər.

Havalandırma sistemi layihələndirilərkən temperatur, nisbi rütubət, havanın hərəkət sürəti və qazların tərkibi nəzərə alınmalıdır. Həmçinin havanın toz və bakteriyalarla çirklənmə səviyyəsi də hesablanmalıdır.

Binaların qızdırılması və ya soyudulması üçün tələb olunan güc müəyyənləşdirilərkən heyvan və quşların yaratdığı istilik, rütubət və qazlar, avadanlıq və günəşdən gələn istilik, eləcə də binanın istilik itkisi nəzərə alınmalıdır. Heyvan və quşlar böyüdükcə bu göstəricilərdə yaranan dəyişikliklər də hesablamaya daxil edilir.

Donuz və quş saxlanılan binalarda minimum hava mübadiləsinin ən azı 50 faizi aşağı zonadan sorulmalıdır. İribuynuzlu heyvanlar barmaqlıqlı döşəmədə, onun altında peyin zirzəmisi olmaqla saxlanılırsa, zirzəmi və peyin kanallarından minimum hava mübadiləsinin azı 30 faizini çəkə bilən qurğu quraşdırılması nəzərdə tutulmalıdır.

Qoyun tövlələrində ilin keçid mövsümündə və mülayim hava şəraitində minimum hava mübadiləsinin 50 faizə qədər hissəsi pəncərəaltı ventilyatorlar vasitəsilə aşağı zonadan təmin edilməlidir. Binada yaranan istilik itkiləri qarşılamadıqda isə məcburi ventilyasiya ilə birgə işləyən hava ilə isitmə sistemi layihələndirilməlidir.