QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Cəbrayıl rayonunda Litva şirkəti mebel istehsalı müəssisəsi inşa edir. Layihənin həyata keçirilməsi nəticəsində 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərdə xarici sərmayə ilə istehsal sahələrinin qurulması həm bölgənin iqtisadi imkanlarının inkişafı, həm də yerli sakinlərin məşğulluğu üçün əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Litva regionda mebel istehsalı ilə tanınan ölkələrdən biridir. Onun fikrincə, Litva şirkəti ilə əməkdaşlıq Azərbaycanda istehsal edilən mebellərin daxili bazarda satışına, eləcə də ixracın artırılmasına imkan yarada bilər.
Bayramovun sözlərinə görə, müəssisənin yaradılması azad edilmiş ərazilərin iqtisadiyyatının böyüməsi və ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından vacibdir. Layihə iqtisadi inkişafa dəstək verməklə yanaşı, yeni iş yerləri açılmasına və yerli əhalinin işlə təmin olunmasına kömək edəcək.
Deputat qeyd edib ki, istehsal sahəsində ixtisaslı kadrlara tələbat yaranacaq, eyni zamanda yerli sakinlər üçün məşğulluq imkanları artacaq. Azad edilmiş ərazilərdə iş yerlərinin yaradılmasının əsas prioritetlərdən biri olduğunu vurğуulayan Bayramov, özəl sektorda da imkanların genişləndirilməsinin qarşıya qoyulan hədəflər sırasında yer aldığını bildirib.
Onun qənaətinə görə, yeni müəssisə həmin ərazilərdə yaşayanların məşğulluğuna müsbət təsir etməklə yanaşı, yerli istehsalın və qeyri-neft məhsullarının ixrac imkanlarının genişlənməsinə töhfə verəcək. Zavodun fəaliyyətə başlaması ətrafında xidmət, logistika və təchizat sahələrinin inkişafına şərait yarada, digər sahibkarlıq subyektlərinin də iqtisadi imkanlarını artıra bilər.