QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi fərdi sahibkar Pərviz Səfərəliyevlə satınalma müqaviləsi imzalayıb.

Müqavilə tender keçirilmədən, bir mənbədən satınalma üsulu ilə bağlanıb. Səfərəliyev mərkəzin sifarişi ilə şam yeməyi təşkil edib və xidmətə görə 3 min 960 manat alıb.

Sahibkarın Buzovna qəsəbəsində yerləşən “Dükkan” restoranının paytaxtın bir neçə yerində filialı fəaliyyət göstərir. Ötən il Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları restoranın Buzovna filialında yoxlama aparıblar.

Yoxlama nəticəsində emal sahəsində texnoloji ardıcıllığın qorunmadığı, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət edilmədiyi müəyyənləşib. Həmçinin istehlaka yararsız qida məhsulları aşkarlanıb və onların müştərilərə təqdim olunmasına maneə yaradılıb.

AQTA faktla bağlı inzibati protokol tərtib edib, iaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edib. Agentlik daha əvvəl də “Dükkan” restoranı ilə bağlı protokol tərtib edib.