QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, bayramlarda istifadə olunan benqal atəşləri yüksək temperaturlu qığılcımlar səbəbindən ciddi xəsarətlərə yol aça bilər. Mütəxəssislər bu çubuqların təhlükəsinin ətrafa səpələnən qığılcımlarla bağlı olduğunu bildirirlər.
Rusiyalı professor Andrey Şanginin sözlərinə görə, benqal atəşinin yanma temperaturu 1000 dərəcəyədək çata bilər. Qığılcımlar gözləri zədələyə, dəridə yanıq yarada və tezalışan materialları alışdıra bilər. Çubuq söndükdən sonra da onun metal hissəsi yanıq törədə biləcək qədər isti qala bilər.
Mütəxəssis uşaqların təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb. O, azyaşlılara belə çubuqların verilməməli olduğunu, yanan benqal atəşini üzə yaxın tutmağın və yelləməyin təhlükəli sayıldığını qeyd edib.
Qığılcım gözə düşdükdə dərhal tibbi yardım almaq lazımdır. Həkimə çatana qədər gözü ovuşdurmaq, ona təzyiq etmək və gözə ilişmiş hissəciyi özbaşına çıxarmağa çalışmaq olmaz.
Professor partlamamış fişənglərin də risk yaratdığını bildirib. Onları götürməyə çalışmaq fişəngin əldə partlamasına səbəb ola bilər.