QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bir ekosisteminin rəhbəri Fərid Hüseynov və idarəetmə komandasının üzvləri Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) Baş katibi Jiamning Qi-nin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçiriblər. Görüş noyabrın 23-də baş tutub.
Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Bir-in baş ofisində keçirilən toplantıya X Beynəlxalq Bankçılıq Forumunda iştirak üçün Azərbaycana gələn beynəlxalq maliyyə qurumlarının nümayəndələri də qatılıblar. Heyətdə AFCA rəhbərləri ilə yanaşı, Çin Banklar Assosiasiyası, Çin Kənd Təsərrüfatı Bankı, “Tianfeng International Securities Group”, Macarıstan Banklar Assosiasiyası və başqa qurumların təmsilçiləri yer alıb.
Qonaqlara Bir-in fəaliyyət istiqamətləri, inkişaf yanaşması və rəqəmsal məhsulları təqdim olunub. Daha sonra banklarla fintex şirkətlərinin əməkdaşlığı, rəqəmsal ekosistemlər, süni intellekt və digər yenilikçi həllər barədə müzakirələr aparılıb.
Tərəflər Bir-in beynəlxalq maliyyə qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi və qlobal texnologiya meyilləri üzrə təcrübə paylaşımı imkanlarını nəzərdən keçiriblər. Azərbaycanın Orta dəhlizdəki strateji mövqeyi, regional iqtisadi və nəqliyyat-logistika əlaqələrində rolu da vurğulanıb. Bu kontekstdə rəqəmsal ekosistemin inkişafı və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın perspektivlərinə toxunulub.
2017-ci ildə yaradılan, baş ofisi Pekində yerləşən AFCA 30-dan artıq ölkənin maliyyə qurumları arasında əməkdaşlığın genişlənməsinə, bilik mübadiləsinə və maliyyə sektorunda innovasiyaların təşviqinə çalışır.
Bir 2025-ci ildə fəaliyyətə başlayıb. Ekosistemin tərkibində Birbank rəqəmsal bankçılıq tətbiqi, Birmarket elektron ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsi var. Məlumata görə, ekosistem 5 milyondan çox müştəriyə xidmət edir; Trendyol Azərbaycan və BakıKart-la strateji tərəfdaşlıqları mövcuddur.