QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada cinayətlərin, o cümlədən bıçaqla edilən hücumların azalması üçün bütün növ bıçaqların satışına lisenziya tətbiq olunması nəzərdə tutulur. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təklif olunan qaydalar qəbul edilərsə, yağ bıçaqlarından mətbəx bıçaqlarına və maçalara qədər kəsici alətləri satan fiziki mağazalar, eləcə də onlayn platformalar üç il müddətinə lisenziya almalıdır. Böyük supermarket şəbəkələrinə hər filialı üçün ayrıca icazə lazım olacaq.

Bıçaq idxal edən Britaniya şirkətləri ayrıca idxal lisenziyası əldə etməli, xarici satıcılar isə mallarını ölkədə lisenziyası olan vasitəçilər vasitəsilə satışa çıxarmalı olacaqlar.

Lisenziya üçün müraciət edənlərin məhkumluq vəziyyəti və etibarlılığı polis tərəfindən yoxlanacaq. Nazirliyin bildirdiyinə görə, bu, odlu silah satışına icazə verilməsi zamanı tətbiq olunan prosedura bənzəyəcək. Hüquq-mühafizə orqanları satış məntəqələrini və anbarları yoxlaya biləcək. Qaydaları pozanlara cərimə tətbiq ediləcək, ağır pozuntu hallarında isə lisenziya geri alınacaq.

Təşəbbüs ölkədə bıçaqla törədilən cinayətlərin artması ilə əlaqələndirilir. Son onillikdə belə hüquq pozuntularının 49 faiz çoxaldığı bildirilir. Müzakirələri sürətləndirən hadisələrdən biri 2024-cü ilin iyulunda Sautportda qeydə alınıb: 17 yaşlı yeniyetmə rəqs studiyasında üç qızı bıçaqlayaraq öldürüb, 10 nəfəri isə yaralayıb.

Rəsmi göstəricilərə əsasən, 2025-ci ilin iyulundan 2026-cı ilin iyununadək polis bıçaq və başqa iti əşyaların tətbiq olunduğu 48,6 mindən artıq cinayət qeydə alıb.

Yeni sistem tətbiq olunacağı təqdirdə, Böyük Britaniya bütün növ bıçaqların satışını lisenziyalaşdıran dünyada ilk ölkə olacaq.