QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan diasporunun rəhbəri və iş adamı Yusif Xəlilov Voronejdə yerləşən “Yardı Superbar” restoranının sökülməsi barədə məhkəmə qərarını yerinə yetirməməkdə ittiham olunur.

Rusiya mətbuatının yazdığına görə, Voronej məhkəməsi təxminən bir il əvvəl restoranı qanunsuz tikili hesab edib və binanın sökülməsinə qərar verib.

Məlumatda bildirilir ki, Xəlilov bu məsələ ilə bağlı cavab verməyib. Restorana elektrik enerjisinin verilməsi dayandırılıb, həmçinin qaz xəttindən ayrıldığı qeyd olunur. Nəticədə binanın vəziyyətinin getdikcə pisləşdiyi bildirilir.

Sahibkar məhkəmə qərarını icra etməsə, restoranı meriya sökə bilər. Obyektin yerləşdiyi iki torpaq sahəsinin geri alınması ilə bağlı iddia qaldırılıb. Həmin sahələrin açıq hərracda satışa çıxarılması nəzərdə tutulur.

Məhkəmə müraciətinə dekabrın ortalarında baxılması planlaşdırılır. Voronej meriyası qərarın icrasında yubadılan hər günə görə Xəlilovdan 30 min rubl, yəni təxminən 618 manat cərimə tələb edir. Onun borcunun 6 milyon rubla — təxminən 123 min 628 manata çatdığı bildirilir.

Bundan əlavə, şəhər rəhbərliyi Xəlilovun digər obyekti olan “Fort” restoranının da qanunsuz sayılmasına çalışır. Bu məsələ üzrə məhkəmə mübahisəsi onilliklərdir davam edir.

Yusif Xəlilov ötən ilin sentyabrında rüşvət ittihamı ilə saxlanılıb, daha sonra azadlığa buraxılıb.