QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Çində 23,5 meqavat-saat tutumlu akkumulyator sistemi ilə işləyən dünyanın ən böyük elektrikli quru yük gəmisi hazırlanıb.
129,9 metr uzunluğundakı “BRF Froan” Norveç sahillərində mərmər daşınması üçün nəzərdə tutulub. Gəmi Norveçin “Berge Rederi” şirkətinin sifarişi ilə Çinin “Jiangsu SOHO Marine Heavy Industry” müəssisəsində inşa edilib. Onun yükdaşıma qabiliyyəti dedveyt üzrə 13 250 tondur.
Gəmi enerji mənbəyi kimi akkumulyatorlardan istifadə edən elektrik qurğusu ilə hərəkət edəcək. Üzərindəki iki rotor yelkəninin hər səfərdə 339 kilovat enerji qənaəti yaratması planlaşdırılır. Ənənəvi yanacağın tətbiq edilməməsi də havaya atılan zərərli qazların azalmasına xidmət edəcək.
İstehsalçının bildirdiyinə görə, gəmidə elektrikli ekskavator olacaq. Lüklərin üzərində isə ümumi sahəsi 1000 kvadratmetr olan günəş panelləri quraşdırılıb. Beşillik müqaviləyə əsasən, gəmi mədən sahələrindəki emal müəssisələri arasında 230 dəniz mili, yəni təxminən 425 kilometr məsafədə işləyəcək və 13 min tona qədər mərmər daşıyacaq.
Layihənin məqsədi elektrik enerjisindən istifadə etməklə zərərli tullantıları minimuma endirməkdir. Hesablamalara görə, gəminin istismarı 9 min ton karbon qazının və 200 ton azot oksidinin atmosferə buraxılmasının qarşısını alacaq.