QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakının balıq bazarlarında son vaxtlar kilkəyə maraq artıb. Digər balıqlarla müqayisədə münasib qiymətə təklif olunan bu məhsul həm əlçatanlığı, həm də qida tərkibi ilə seçilir. Mütəxəssislər qeyd edirlər ki, kilkə kiçik olsa da, vitaminlər, minerallar və faydalı yağ turşuları ehtiva edir. Sağlamlıq üçün onun düzgün seçilməsi və hazırlanması vacibdir.

Qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, kilkəyə tələbatın yüksəlməsində əsas amillərdən biri qiymətinin münasib olmasıdır. O, bir çox dəniz və şirin su balığı ilə müqayisədə daha ucuz olduğuna görə, geniş istehlakçı kütləsi üçün əlçatandır.

Şirinovun sözlərinə görə, kilkənin üstünlüyü yalnız qiyməti ilə məhdudlaşmır: yağlı balıqlar qrupuna daxil olan bu növ qida dəyəri baxımından da zəngindir. Kilkənin tərkibində Omeqa-3 yağ turşuları, D və B12 vitaminləri, fosfor, yod, selen və digər faydalı maddələr var. Ekspert 100 qram bişmiş kilkəni müqayisə etdikdə onun zülal, yağ, vitamin və minerallarla zəngin olduğunu bildirib. Bununla belə, kilkəni bütün balıqlardan faydalı saymaq doğru deyil. Kiçik ölçüsü, yağlı olması və aşağı qiyməti isə istehlakçılar üçün üstünlük yaradır.

Ekspertin qeyd etdiyi əsas faydalardan biri ürək-damar sisteminin fəaliyyətinə dəstək göstərməsidir. Kilkədə olan Omeqa-3 yağ turşuları ürəyin normal fəaliyyəti üçün əhəmiyyətlidir. Omeqa-3 mənbəyi olan balıqların balanslı qidalanma çərçivəsində müntəzəm yeyilməsi ürək sağlamlığına faydalı hesab edilir.

Kilkənin tərkibindəki yağ turşuları beyin və sinir sisteminin normal fəaliyyəti üçün də əhəmiyyət daşıyır. B12 vitamini isə sinir sisteminin sağlamlığının qorunmasında rol oynayır. Bu səbəbdən ekspert kilkəni gündəlik rasiona daxil edilə bilən faydalı məhsullardan biri kimi qiymətləndirib.

Şirinov balığın immun sisteminin normal fəaliyyətinə dəstək verə biləcəyini də vurğulayıb. Kilkədə olan selen, sink, B12 vitamini və zülal orqanizmin normal fəaliyyəti üçün lazım olan maddələr sırasındadır və immun sisteminin işləməsində iştirak edir. Buna görə də kilkə balanslı qidalanmanın bir hissəsi ola bilər.

Ekspert xəbərdarlıq edib ki, məhsulun faydalı olması onu həddindən artıq yeməyə əsas vermir. Xüsusilə duzlanmış, hisə verilmiş və bol yağda qızardılmış kilkənin tez-tez istehlakına diqqət yetirilməlidir. Duzlu məhsulların çox yeyilməsi orqanizmə daxil olan natriumun miqdarını artırır və bu, yüksək qan təzyiqi olanlar üçün arzuolunmazdır. Balığı çox yağda qızartmaq isə yeməyin kalorisini yüksəldir; belə qidaların davamlı və artıq miqdarda qəbulu artıq çəki riskini artıra bilər.

Kilkənin qida dəyərindən yararlanmaq üçün hazırlanma üsulu ilə yanaşı, alış zamanı təzəliyini də yoxlamaq lazımdır. Şirinovun sözlərinə görə, ilk növbədə balığın xarici görünüşünə baxılmalıdır. Təzə balığın gözləri adətən parlaq və aydın olur, çökmüş və bulanıq gözlər isə alış üçün uyğun göstərici sayılmır.

Kilkə zərif quruluşlu olduğundan saxlanma şəraitindən asılı olaraq tez yumşарч, парçalana bilər. Buna görə alıcılar balığın bütöv olmasına və ətinin dağılmamasına diqqət yetirməlidirlər. Həmçinin xoşagəlməz qoxusu olan, həddən artıq yumşalmış və lazımi qaydada soyudulmamış balıqdan uzaq durmaq tövsiyə edilir.

Ekspert kilkənin münasib qiyməti ilə zəngin qida tərkibinin bir araya gəlməsini onun başlıca üstünlüyü adlandırıb. Onun sözlərinə görə, bu balıq daha az xərc müqabilində faydalı yağ turşuları, vitaminlər, minerallar və zülal əldə etməyə imkan verir. Bununla yanaşı, məhsulun təzə və keyfiyyətli olması, eləcə də düzgün hazırlanması əsas şərtlər olaraq qalır.

Beləliklə, kilkə qiyməti və qida dəyəri baxımından gündəlik rasion üçün seçim ola bilər. Mütəxəssislər onu etibarlı satış yerlərindən almağı, düzgün saxlamağı və mümkün qədər az duz və yağla hazırlamağı məsləhət görürlər.