QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.

Danışıqlarda strateji tərəfdaşlığa söykənən iki ölkənin iqtisadi münasibətlərinin inkişaf etdiyi bildirilib. Əməkdaşlığın qarşılıqlı fayda əsasında yeni sahələrə yayılmasının tərəflər üçün önəm daşıdığı vurğulanıb.

Cari ilin oktyabrında Romaya səfər zamanı aparılmış müzakirələrin əhəmiyyəti qeyd olunub. Görüşdə razılaşmaların həyata keçirilməsi, yeni birgə təşəbbüslərin irəli sürülməsi və investisiya layihələrinin təşviqi məsələləri də nəzərdən keçirilib.

Tərəflər Azərbaycan–İtaliya iqtisadi əməkdaşlığının perspektivləri, ticarət dövriyyəsinin artırılması, həmçinin sənaye, enerji, nəqliyyat-logistika və innovasiya sahələrində əlaqələrin inkişafı imkanlarını müzakirə ediblər.