QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, mətbəx plitələrinə yemək zamanı sıçrayan yağ ləkələrini təmizləmək üçün güclü kimyəvi vasitələrə ehtiyac olmaya bilər. Keramist Coş Blank səthin zədələnməməsi üçün sərt maddələrdən və kobud təmizləyicilərdən uzaq durmağı tövsiyə edir.

Onun sözlərinə görə, tavadan sıçramış adi yağ izlərini aradan qaldırmaq üçün dezinfeksiyaedici vasitə lazım deyil. Çox vaxt su və yuyucu vasitə ilə müntəzəm təmizlik yetərlidir, kimyəvi maddələrin həddindən artıq işlədilməsi isə plitənin səthinə zərər verə bilər.

Blank ləkələrə qarşı dörd əsas inqrediyentlə məhlul hazırlamağı təklif edir: 830 millilitr isti suya 60 millilitr ağ sirkə, 60 millilitr maye qab yuyucusu və iki çay qaşığı boraks əlavə olunur. Qarışığa istəyə uyğun 20 damcı efir yağı da qatmaq mümkündür.

Məhlul püskürdücü qabla plitələrə vurulur, ardınca yumşaq parça və ya kağız dəsmalla səth silinir.

Coş Blank bildirir ki, keramik plitənin şirli örtüyü quruluş etibarilə şüşəyə oxşayır. Sərt süngər və metal qaşıyıcılar xırda, çətin görünən cızıqlar sala bilər. Sonradan həmin yerlərdə çirk yığılır və təmizləmə mürəkkəbləşir.

Yağın nə dərəcədə asan silinməsi plitənin xüsusiyyətlərindən də asılıdır. Parlaq, sıx keramik səthlər və keramoqranit daha rahat təmizlənir. Tutqun, məsaməli və relyefli plitələrdə isə ləkələr daha çox qala bilər.

Mütəxəssis tikiş dolğularının, xüsusən ağ rəngli olanların da qorunmasını vacib sayır. Yağın tikişlərə hopmaması üçün təmirdən sonra xüsusi qoruyucu hermetik çəkilməsi və bu prosedurun ildə bir dəfə yenilənməsi məsləhət görülür.

Mətbəxdə təmizliyi saxlamaq üçün yemək bişirdikdən dərhal sonra plitələri nəm parça ilə silmək, yağ sıçramalarına qarşı qoruyucu istifadə etmək və ləkələrin qurumasına yol verməmək tövsiyə olunur.