QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunda, Zabrat qəsəbəsində yolun ortasında yaranan dərin çuxurun səbəbi açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) bildirdiyinə görə, Şəhər şosesi qurumun balansındadır. Agentlikdən bildirilib ki, yağıntılarla yaranan səth və qrunt sularının yol yatağına, eləcə də asfaltın alt qatına keçməsi bəzi sahələrdə deformasiya və çökmələrə gətirib.

AAYDA problemin həlli üçün əvvəlcə ərazidə yığılan qrunt sularının yoldan kənarlaşdırılmalı və suötürücü sistem təmin edilməli olduğunu qeyd edib. Bu tədbirlərlə bağlı aidiyyəti qurumlara müraciət olunduğu bildirilib.

Agentlik həmin işlər başa çatandan sonra yol sahəsində təmir-bərpa tədbirləri görəcək.

Daha əvvəl redaksiyaya daxil olan müraciətdə Xırdalan-Binəqədi-Balaxanı yolunun Zabrat-Maştağa şosesi ilə kəsişməsindəki dərin çuxurun nəqliyyatın sıx olduğu qovşaqda səhər tıxaclarını artırdığı qeyd edilmişdi.