QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyəli müğənni və aktyor Emre Altuğ İzmirin Çeşmə rayonundakı daşınmaz əmlakında qanunsuz tikinti aparmaq ittihamı ilə məhkəməyə veriləcək.
Çeşmə bələdiyyəsi Altuğun Musalla məhəlləsində yerləşən torpaq sahəsində hovuz, texniki avadanlıq otağı, kərpicdən divarlar və bir mərtəbəli tikililər müəyyən edib. Bələdiyyə ərazinin qorunan zona olduğunu, tikililərin isə tələb olunan icazələr olmadan inşa edildiyini bildirərək prokurorluğa şikayət edib.
Prokurorluğun tərtib etdiyi ittiham aktında müğənninin “Mədəni və təbii sərvətlərin qorunması haqqında” qanunu pozmaqda, eləcə də şəhərsalma qaydalarına zidd davranmaqda təqsirləndirildiyi qeyd olunub. Altuğ üçün 3 ildən 10 ilədək həbs cəzası tələb edilir.
Emre Altuğ ittihamları rədd edib. O, bələdiyyə qərarının özünə qanunsuz qaydada təqdim olunduğunu və bu barədə məlumat aldıqdan sonra qərarın ləğvi üçün məhkəməyə müraciət etdiyini deyib.
Sənətçi Dövlət Su İşləri Baş İdarəsinin verdiyi rəydə də tikintiyə dair hər hansı maneənin olmadığı barədə qeyd olduğunu bildirib.