QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, müharibə veteranlarının əməkhaqqından ötən illərdə tutulmuş gəlir vergisinin yenidən hesablanması mümkün ola bilər. Bunun üçün veteran statusunu təsdiqləyən sənəd əsas iş yerinə təqdim edilməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti güzəştdən yararlanma qaydasını izah edib. Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə görə, qanunvericiliyə uyğun olaraq müharibə veteranı adı verilmiş şəxslərin muzdlu işdən əldə etdikləri vergiyə cəlb olunan aylıq gəlir 400 manat azaldılır.
Güzəştin tətbiqi üçün statusu təsdiqləyən sənəd işçinin əsas iş yerinə verilməlidir. Xidmətin bildirdiyinə əsasən, sənədin təqdim olunduğu tarix deyil, veteran statusunun qüvvəyə mindiyi tarix əsas götürülür.
Vergi Məcəlləsinin 102.8-ci maddəsi də bu qaydanı nəzərdə tutur: şəxs əmək müqaviləsi qüvvəyə mindikdən sonra veteran statusu alarsa və ya təsdiq sənədini gec təqdim edərsə, güzəşt statusun qüvvəyə mindiyi tarixdən hesablanır.
Beləliklə, statusu 2022-ci il yanvarın 1-dən qüvvədə olan şəxslər həmin gündən güzəştdən istifadə edə bilərlər. Əvvəllər tutulmuş vergi məbləğinin yenidən hesablanması üçün iş yerinin mühasibatlıq şöbəsinə müraciət etmək tövsiyə olunur.
Dövlət Vergi Xidməti qeyd edib ki, gəlir vergisi güzəşti sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına şamil edilmir. Bu ödənişlər üzrə azadolma nəzərdə tutulmayıb.
Güzəşt hüququnu müəyyənləşdirmək üçün tələb olunan sənədlərin siyahısı Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiqlənib.