QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, yumurta əksər sağlam insanlarda arterial təzyiqi nəzərəçarpacaq dərəcədə dəyişmir. Ancaq ürək-damar xəstəliyi, yüksək xolesterin və diabeti olan şəxslərin bu qidanı qəbul edərkən ehtiyatlı davranması məsləhət görülür.

Yumurtada hipertoniyanın qida ilə bağlı riskləri sırasında yer alan natrium azdır: iri ölçülü bir yumurtada bu maddənin miqdarı təxminən 60 milliqram təşkil edir. Gündəlik natrium qəbulunun isə 1500 milliqram həddində saxlanması tövsiyə olunur.

2020-ci ildə 15 nəzarətli araşdırmanın nəticələrini birləşdirən elmi işdə gündə bir yumurta yeməyin sistolik və diastolik təzyiqə əhəmiyyətli təsir göstərmədiyi qənaətinə gəlinib. Amerika Ürək Assosiasiyası da sağlam yetkin şəxslərin ürək üçün uyğun qidalanma çərçivəsində gündə bir, yaxud həftədə yeddi yumurta yeyə biləcəyini qeyd edir.

Məhsulun tərkibində təzyiqin normal saxlanmasına dəstək verən maddələr də var. İri yumurta təxminən 63 milliqram kalium, 5 milliqram maqnezium və 6 qram zülal ehtiva edir. Kalium orqanizmdə natrium tarazlığına, maqnezium damarların boşalmasına kömək edir. Zülal isə toxluq hissini uzadaraq çəkiyə nəzarəti asanlaşdıra bilər.

Yumurtanın xolesterinə təsiri də müzakirə mövzularındandır. Bir iri yumurtada, əsasən sarısında, təqribən 200 milliqram xolesterin olur. Qandakı xolesterinin yüksəlməsi damar divarlarında lövhələrin yaranmasına və aterosklerozun inkişafına yol aça bilər.

Araşdırmalar yumurta yeməyin pis xolesterin (LDL) və yaxşı xolesterin (HDL) göstəricilərinə təsirinin tarazlı ola biləcəyini göstərir. 2017-ci ildə tədqiqatların icmalı zamanı yumurta istehlakının LDL ilə HDL arasındakı nisbətə mənfi təsiri aşkarlanmayıb.

Bununla yanaşı, bəzi insanlarda yumurta qəbulundan sonra LDL daha çox yüksələ bilər. Ürək-damar xəstəlikləri, yüksək LDL, ailəvi hiperkolesterinemiya və ikinci tip diabeti olanlara yumurta yeməyin miqdarını həkimlə müzakirə etmək tövsiyə olunur.

Yumurtanın təsirinə onun necə hazırlandığı və hansı qidalarla yeyildiyi də təsir edə bilər. Yeməyə qatılan duz, natriumla zəngin məhsullar və doymuş yağlar ürək-damar sağlamlığı üçün mənfi amillər hesab olunur. Buna görə yumurtanı çox duz və yağ əlavə etmədən bişirmək daha münasibdir.

Ümumilikdə, yumurta sağlam insanların gündəlik qidalanmasında adətən problem yaratmır. Yanaşı xəstəlikləri olan şəxslər isə qəbul ediləcək miqdarı öz sağlamlıq durumlarına uyğun müəyyənləşdirməlidirlər.