QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci il üzrə daxilolma və xaricolma hesabatlarında investisiya fəaliyyətindən əldə olunan 122,2 milyon manatlıq gəlir tam göstərilməyib.

Hesablama Palatası DSMF-nin gəlir və xərclərini yoxlayarkən toplanmış sübutları və maliyyə hesabatlarının göstəricilərini təhlil edib. Araşdırma bəzi daxilolmaların hesabatlarda yer almadığını üzə çıxarıb.

Audit nəticələrinə əsasən, 2025-ci ildə investisiya fəaliyyətindən əldə edilən vəsaitlər hesabatlarda tam əks olunmayıb. Bu səbəbdən müvafiq göstəricilər 122,2 milyon manat az qeydə alınıb.

Palata bildirib ki, eyni nöqsan əvvəlki auditdə də aşkarlanıb və 2025-ci ildə yenidən təkrarlanıb.

Qurumun qənaətinə görə, DSMF və İşsizlikdən Sığorta Fondunun investisiya fəaliyyəti ilə bağlı gəlir və xərclərin müvafiq fondların büdcələrində tam göstərilməməsi icmal büdcənin göstəricilərinə də təsir edir.