QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli kənd məktəblərində çalışan müəllimlər üçün əlavə dəstək mexanizmlərinin yaradılmasını təklif edib. Onun fikrincə, bu məqsədlə müəllimlərə torpaq payı verilə, güzəştli ipoteka şərtləri genişləndirilə və kəndlərdə onlar üçün münasib şərtlərlə mənzillər tikilə bilər.
2027-ci ildə kənd rayonlarındakı məktəblərə cəlb edilən gənc mütəxəssislərin həvəsləndirilməsi üçün 20,9 milyon manat ayrılması nəzərdə tutulur. Proqram pedaqoji istiqamətdə ali və orta ixtisas təhsili almış 12,6 mindən artıq gənci əhatə edəcək. Vəsait yol və əmlakın daşınması xərclərinin, ilkin yaşayış şəraitinin qurulmasının, kommunal xidmət və kirayə kompensasiyalarının, eləcə də aylıq maaş əlavələrinin ödənilməsinə sərf olunacaq.
Məmmədli bildirib ki, kənd məktəblərində müəllimlərin iş şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görülsə də, bu addımlar yetərli deyil. Onun sözlərinə görə, dərs saatlarının azlığı kəndlərdə işləyən müəllimlərin gəlirlərinin onları qane etməməsinə səbəb olur.
Ekspert xatırladıb ki, ucqar ərazilərdə çalışan müəllimləri həvəsləndirmək üçün H1 və H2 adlandırılan proqram həyata keçirilib, lakin bu da problemi tam həll etməyib. O, kənd məktəblərinə ayrılan vəsaitin səmərəli istifadəsi ilə yanaşı, müəllimlərin həmin ərazilərdə yaşayıb işləməsi üçün əlavə imkanların yaradılmasını vacib sayır. Güzəştli kreditlərin də bu məqsədlə nəzərdən keçirilə biləcəyini deyib.
Məmmədlinin qənaətinə görə, büdcədən ayrılan vəsait müəllimlərin digər problemlərinin həllinə və vəziyyətlərinin yaxşılaşdırılmasına kömək edə bilər. Bununla belə, kənd yerlərində çalışan pedaqoqlar üçün ayrıca şərait yaradılmalı, dövlət səviyyəsində onların rifahını yüksəltməyə yönələn əlavə tədbirlər görülməlidir. Torpaq payı və mənzil imkanlarının müəllimlərin kəndlərə bağlılığını artıra biləcəyini də vurğulayıb.