QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Avropa İttifaqı fövqəladə hallara hazırlıqla bağlı vətəndaşlar üçün yeni bələdçi hazırlayıb. Sənəddə böhran baş verdikdə insanların ilk üç gün ərzində dövlət dəstəyi olmadan əsas ehtiyaclarını ödəmək üçün əvvəlcədən tədbir görməsi tövsiyə olunur.

Avropa Komissiyasının hazırladığı bələdçidə müstəqil hazırlıqla yanaşı, təlimlərdə iştirak və etibarlı məlumat mənbələrindən istifadə məsələləri də yer alıb.

Komissiyanın açıqlamasında Avropanın getdikcə daha çox mürəkkəb böhranla qarşılaşdığı qeyd edilib. Qurum bu vəziyyətlərə qarşı qitənin dayanıqlığını gücləndirmək üçün konkret addımlar atıldığını bildirib.

Avropa Komissiyasının bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə üzvü Haca Lahbib yeni sənədi Brüsseldə keçirilən 9-cu Avropa Mülki Müdafiə Forumunda təqdim edib.

Bələdçiyə əsasən, dövlət yardımı əlçatan olana qədər keçən ilk üç gündə zəruri ehtiyacları qarşılamaq üçün vətəndaşların qabaqcadan hazırlıq görməsi vacib sayılır.