QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunda avtomobilin vurduğu qadının vəziyyəti ağır qiymətləndirilir, xəsarət alan körpə isə xəstəxanadan evə buraxılıb.
TƏBİB-in məlumatına görə, noyabrın 3-də saat 09:40 radələrində Binəqədi ərazisindən təcili tibbi yardım çağırışı daxil olub. Hadisə yerinə briqada göndərilib, xəsarət alan ana və körpə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
1990-cı il təvəllüdlü qadında bədənin bir neçə nahiyəsinin sınığı müəyyən edilib. Onun müalicəsi davam edir və vəziyyəti ağırdır. 2025-ci il təvəllüdlü oğlan körpədə başın açıq yarası aşkarlanıb. Vəziyyəti qənaətbəxş hesab edildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Hadisə noyabrın 3-də saat 09:38 radələrində Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrliyində baş verib. Cavid Ağayevin idarə etdiyi “Toyota Prado” uşaq arabası ilə yolu keçən A. Abdullayevanı vurub.
Sürücü hadisədən sonra saxlanılıb və faktla bağlı cinayət işi başlanıb. İlkin araşdırma və dindirmə zamanı C. Ağayev sükan arxasında yuxuya getdiyini, qəzanın necə baş verdiyini xatırlamadığını bildirib.