QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Zərdari məktubunda Pakistan hökuməti və xalqı, eləcə də öz adından İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb. O, Zəfər Gününün Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası yolunda xalqın fədakarlığını, əzmini və birliyini əks etdirdiyini bildirib.
Pakistan Prezidenti azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətindəki nailiyyətlərin Azərbaycanın xalqı üçün sülh və rifah dolu gələcək qurmağa sadiqliyini göstərdiyini vurğulayıb. O, iki ölkə arasındakı uzunmüddətli qardaşlıq münasibətlərinin qarşılıqlı etimada, ortaq dəyərlərə və davamlı dəstəyə söykəndiyini qeyd edib.
Zərdari əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsinin, eləcə də regional sülh, sabitlik və rifah naminə birgə fəaliyyətin ölkələr arasındakı dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. Məktubda Azərbaycanla həmrəyliyin təsdiqləndiyi, İlham Əliyevə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulandığı bildirilib.
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud da İlham Əliyevi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, Azərbaycan Prezidentinə cansağlığı və səadət, ölkənin hökumətinə və xalqına daha sürətli inkişaf və rifah arzulayıb.
Kral Salman iki ölkə və xalq arasında bütün sahələrdə inkişaf etdirilən qardaşlıq münasibətlərinin müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Azərbaycan Prezidentinə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbriklərini və xoş arzularını çatdırıb.