QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin növbəti il 1500 manata yüksəldilməsi nəzərdə tutulur. 2026-cı ildə bu ödəniş 600 manat olub; beləliklə, artım 900 manat təşkil edəcək.
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hökumət bu addımla demoqrafik vəziyyəti stimullaşdırmağa çalışır. Onun sözlərinə görə, uşağın saxlanılması və böyüdülməsi əhəmiyyətli xərc tələb edir, üstəlik, əvvəlcədən nəzərdə tutulmayan çətinliklər də yarana bilir.
Deputat qeyd edib ki, xüsusilə xəstəliklər zamanı və ilkin tibbi xidmətlərdən yararlanarkən tələb olunan ödənişlər valideynlərə əlavə yük yaradır. Bu səbəbdən müavinətin artırılması valideynlərin vəziyyətini yüngülləşdirməyə yönələn hökumət siyasətinin addımlarından biri kimi qiymətləndirilir.
Fazil Mustafa ümid etdiyini bildirib ki, qərar valideynlərin sosial durumuna, eləcə də demoqrafik vəziyyətə və doğum göstəricilərinə müsbət təsir edəcək.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət 1 iyul 2025-ci ildən 600 manat müəyyənləşdirilib. 2023-cü il yanvarın 1-dən 2025-ci il iyulun 1-dək isə ödəniş 500 manat olub. Müavinət hər doğulan uşağa görə verilir.