QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 3-də Naxçıvanda din xadimlərinin peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və dini maarifləndirmə üsullarına həsr olunmuş təlim keçirilib.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev din xadimlərinin cəmiyyətdəki yeri, mənəvi və ictimai öhdəlikləri, peşə bilik və bacarıqlarının artırılması, maarifləndirmə işinin səmərəli təşkili barədə danışıb.
Bildirilib ki, din xadiminin peşəkarlığı təkcə dini biliklərlə ölçülmür. Elmi dəqiqlik, ünsiyyət bacarığı, etik davranış, insanlara fərdi yanaşma və özünü davamlı inkişaf etdirmək də bu fəaliyyət üçün əhəmiyyətlidir.
Təlimdə vurğulanıb ki, din xadimlərinin maarifləndirmə işi mənəvi inkişafı dəstəkləyir, ictimai həmrəyliyi möhkəmləndirir və insanların dolğun dini biliklər əldə etməsinə kömək edir. Vəzifələrin icrasında əxlaqi prinsiplərə bağlılıq və məsuliyyət hissi də vacib amillər kimi qeyd olunub. Şəxsi davranışın təbliğ edilən dəyərlərlə uyğunluğu cəmiyyətdə etimadın yaranmasına xidmət edir.
İbrahim Quliyev dini məlumatların çatdırılmasında auditoriyanın yaşının, bilik səviyyəsinin və fərdi mənəvi ehtiyaclarının nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, biliklər aydın, ardıcıl və elmi əsaslarla təqdim edilməlidir ki, məlumatlar düzgün mənimsənilsin.
Müasir rəqəmsal mühitin dini maarifləndirmə üçün yaratdığı imkanlar və ortaya çıxardığı çətinliklər də müzakirə mövzusu olub.
Yekunda din xadimlərinin peşəkarlığının davamlı artırılmasının vacibliyi qeyd edilib. Elmi biliklərin genişləndirilməsi, ünsiyyət səriştələrinin inkişafı, rəqəmsal vasitələrdən məqsədyönlü yararlanma və müntəzəm özünüqiymətləndirmə ixtisas hazırlığının gücləndirilməsi üçün əsas istiqamətlər kimi göstərilib.
Təlim iştirakçıların suallarının cavablandırılması və mövzu üzrə müzakirələrlə başa çatıb.