QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının iki matçında baş verən azarkeş insidentləri ilə bağlı rəsmi mövqe açıqlayıb.
Qurum “Marsel”in “Levski”ni 1:0, “Beşiktaş”ın isə “Hapoel”i 2:1 hesabı ilə məğlub etdiyi görüşlərdə yaşananları ciddi narahatlıq doğuran hadisələr kimi qiymətləndirib.
“ Marsel” tərəfdarlarının “Levski” azarkeşlərinə hücumu zamanı 10-dan çox bolqarıstanlı xəsarət alıb. Digər qarşılaşmada stadion mühafizəsinin bir azarkeşdən Fələstin bayrağını götürməyə çalışması qarşıdurmaya səbəb olub. Hadisə yerinə gələn polis gözyaşardıcı qazdan istifadə edib.
UEFA bildirib ki, zorakılıq, aqressiya, nifrət, ayrı-seçkilik və ekstremist davranış futbolun prinsipləri ilə uzlaşmır. Təşkilat azarkeşləri bir-birinə hörmət göstərməyə və təhlükəsizliyi qorumağa çağırıb.
Hər iki matçla bağlı araşdırma aparmaq üçün UEFA-nın Etika və İntizam üzrə müfəttişləri təyin olunub. Toplanacaq sübutlar əsasında insidentlərin bütün detalları müəyyənləşdiriləcək.