QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanlı atçı Aydın Əlibəyov Moskvada təşkil olunan beynəlxalq turnirdə həm fərdi yarışlarda, həm də mütləq hesabda qalib olub.

Əlibəyov “Vivat Rossiya” atçılıq mərkəzində keçirilən dressaj yarışında dörd cavan atla mübarizə aparıb və bir neçə dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Atçılıq Federasiyasının məlumatına əsasən, yarışın ilk günündə 4 yaşlı atlar arasında “Virakoça S” 92 faiz nəticə ilə birinci, “Belle Fleur” isə 84,4 faizlə üçüncü olub. 5 yaşlıların yarışında “Roxuş” 83,6 faiz göstərici ilə qalib gəlib, “Dancing Rose” 82,2 faizlə ikinci yeri tutub.

İkinci gündə də Əlibəyovun atları uğurlu nəticələr əldə edib. 4 yaşlılar arasında “Virakoça S” 91 faizlə birinci, “Belle Fleur” 83,6 faizlə üçüncü olub. 5 yaşlı atların yarışında “Dancing Rose” 83,4 faizlə gümüş, “Roxuş” isə 81,6 faizlə bürünc medal qazanıb.

Beləliklə, iki günün nəticələrinə görə Aydın Əlibəyov turnirin həm fərdi yarışlarında, həm də mütləq hesabında çempion olub.