QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ermənistan sərhəd xidmətində genişmiqyaslı dəyişikliklərə hazırlaşır. Plan dövlət sərhədlərinə tam nəzarətin mərhələlərlə yerli qüvvələrə verilməsini nəzərdə tutur.

Noyabrın 26-da baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən toplantıda onun müavinləri Mqer Qriqoryan və Tiqran Xaçatryan, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyan iştirak ediblər. Görüşə digər hüquq-mühafizə qurumlarının təmsilçiləri də qatılıblar.

Hökumətin açıqlamasında bildirilib ki, müzakirələr sərhəd xidmətinin imkanlarının genişləndirilməsi, infrastrukturun yenilənməsi, idarəetmənin çevikləşdirilməsi və xarici təcrübədən yararlanmaq mövzularını əhatə edib. Həmçinin sərhədlərin kompleks idarə olunması sisteminin yaradılması nəzərdən keçirilib.

Məlumatda qeyd edilir ki, gündəlikdəki əsas hədəf Ermənistanın öz sərhədlərini tam müstəqil qorumağa başlamasıdır. Paşinyan son brifinqlərindən birində Rusiyanın sərhədçilərinin ölkədəki iştirakını da müzakirəyə çıxarıb. O, onların uzun müddət göstərdiyi xidmətə görə təşəkkürünü bildirib və gələcəkdə sərhədlərin mühafizəsi məsuliyyətinin bütövlükdə Ermənistanın üzərinə düşəcəyini deyib.

Baş nazir noyabrın 2-də sərhəd nəzarətinin tədricən Ermənistanın sərhəd xidmətinə verilməsi planından danışmışdı. Onun sözlərinə görə, bu dəyişiklik sərhəd qoşunlarının statusunun yenilənməsini də tələb edir.

Nazirlər Kabinetinin 2026-2031-ci illər üçün proqramında erməni sərhədçilərinin nəzarət etdiyi sahələrin mərhələli genişləndirilməsi nəzərdə tutulur. Proqrama əsasən, xidmətdə hərbi komponentin payı azaldılacaq və beynəlxalq qabaqcıl təcrübə tətbiq ediləcək.

Qurumlar arasında əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsi, risklərin qiymətləndirilməsi, eləcə də sərhəd yoxlamalarının təkmilləşdirilməsi də prioritetlər sırasındadır. Bu istiqamətdə Ermənistanın MTX-si xarici tərəfdaşlarla birgə çalışır.

2026-cı ilin sentyabrında MTX-nin sərhəd qoşunlarının nümayəndələri Finlandiyaya gedərək sərhəd nəzarəti üsulları, kadrların hazırlanması və xidmətin təşkili ilə tanış olublar.

Sərhəd sistemindəki yeniliklər Ermənistanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş barədə danışıqlarla da əlaqələndirilir. Noyabrın 1-dən ölkədə biometrik pasportların yeni sistemi tətbiq olunur. Elektron keçid məntəqələrinin əvvəlcə “Zvartnots” aeroportunda, daha sonra isə quru sərhədlərində yaradılması planlaşdırılır.

Hazırda sərhəd-keçid məntəqələrində yoxlamaları erməni sərhədçiləri müstəqil aparırlar. Türkiyə və İranla sərhədin bəzi hissələrində onlar 2025-ci il yanvarın 1-dən rusiyalı həmkarları ilə birgə xidmət göstərirlər. “Zvartnots” beynəlxalq hava limanında isə Rusiya sərhədçilərinin fəaliyyəti 2024-cü ilin avqustunda başa çatıb.