QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə tələbələrin C bloku ilə bağlı müraciətini nəzarətə götürüb.

Abbaszadə sosial şəbəkə hesabında paylaşım edərək rektor vəzifəsində çalışdığı ilk həftənin başa çatmaq üzrə olduğunu bildirib. Həmin müddətdə universitetin inzibati və akademik əməkdaşları ilə tanış olduğunu, prorektorlar və dekanlarla ilk ümumi görüşünü keçirdiyini qeyd edib.

Rektor görüş zamanı BDU-nun gələcək inkişafı, təhsilin keyfiyyəti, elmi araşdırmalar və akademik dürüstlük məsələlərinin müzakirə olunduğunu yazıb. O, fakültələrin vəziyyəti, üzləşdiyi çətinliklər, kadr və elmi imkanları barədə obyektiv məlumat əldə etməyi hədəflədiyini bildirib.

Abbaszadə dekanlardan məsələləri dürüst və peşəkar şəkildə təhlil etmələrini gözlədiyini, mövcud problemlərin açıq müzakirəsinin əhəmiyyətini vurğulayıb.

Tələbələrin sosial şəbəkələrdə C bloku ilə bağlı müraciətinə münasibət bildirən rektor işçi qrupunun əraziyə baxacağını və nəticələrə əsasən müvafiq işlərə başlanacağını açıqlayıb. O, müraciəti diqqətinə çatdıran tələbələrə təşəkkür edib.