QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Şuşanın tarixi məkanları və küçələri ilə bağlı maraqlı məlumatlar şəhərin keçmişinə fərqli baxış təqdim edir. Əslən şuşalı olan Elçin Ağayev şəhərin tarixi barədə danışıb.
Onun sözlərinə görə, Şuşanın keçmişini yalnız musiqiçiləri və sənət adamları ilə bağlamaq doğru deyil. Şəhərin tarixi ilə bağlı geniş ictimaiyyətə çox da məlum olmayan faktlar da mövcuddur.
Şuşa qalasının inşasına şəhər salınmazdan əvvəl başlanıb. Pənahəli xanın 1752-ci ildə başlatdığı tikinti iki-üç ilə başa çatdırılıb. İşlərdə əsgərlərlə yanaşı yerli sakinlər də iştirak ediblər.
Ağayev bildirib ki, qala divarlarının bərkidilməsi üçün sementin olmadığı dövrdə qarışıma yumurta sarısı qatılıb. Bu məqsədlə Qarabağda yumurta vergisi tətbiq edildiyi, ailələrin gündə üçdən artıq yumurta saxlamasına icazə verilmədiyi qeyd olunur. Artıq yumurtaları əsgərlər yığırmış.
Qalanın üç qapısı — Gəncə, İrəvan və Ağoğlan girişləri olub. Onlardan yalnız Gəncə qapısı bu günədək qalıb. İrəvan və Ağoğlan qapıları isə müxtəlif vaxtlarda aparılan tikinti və yol işləri nəticəsində dağılıb.
Qala ətrafındakı daş oyuqların yaranması da xanlıq dövründəki qaydalarla əlaqələndirilir. Uzunqulaq arabalarının şəhərə girişi qadağan edildiyindən küçələr həmin heyvanların hərəkətinə uyğun salınmayıb. Uzunqulaqlar qala divarlarının kənarında saxlanılır, onlar üçün yemlənmə yerləri yaradılırdı.
Şuşanın Mərdünlü məhəlləsinin tarixi Pənahəli xanın qala tikintisi üçün Vərəndə tayfasının Soyuqbulaq kəndindən dəvə istəməsi ilə bağlıdır. Kəndlilər bir dəvə əvəzinə 21 dəvə göndəriblər. Xan onların bu hərəkətini mərdlik kimi qiymətləndirərək həmin camaat üçün ayrıca məhəllə saldırıb. Aşağı Gövhərağa məscidi bu məhəllənin ibadət yeri olub.
Məscidin minarələrini Qarabağ memarı Kərbəlayi Səfixan Qarabaği inşa edib. Elçin Ağayevin sözlərinə görə, ikinci minarənin hörgüsündə memarın xəstələnməsi səbəbindən əyrilik yaranıb. Daha sonra onu düzəltmək təklif edilsə də, Gövhər ağa minarədə Allahın adının yazıldığını bildirərək müdaxiləyə razılıq verməyib. Nəticədə həmin naxış indiyədək saxlanılıb.