QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı “Belém Missiyası – 1,5°C” hesabatı Türkiyənin Antalya şəhərində COP31 çərçivəsində ictimaiyyətə təqdim olunub. Bu barədə Azərbaycan Respublikasının İqlim Məsələləri üzrə nümayəndəliyi məlumat yayıb.

Sənəd Paris Sazişində nəzərdə tutulan qlobal temperatur artımını 1,5°C həddində saxlamaq məqsədilə ölkələrin iqlim öhdəliklərini və milli adaptasiya planlarını icra etməsinə dəstək vermək üçün hazırlanıb.

Hesabat ötən il Braziliyada baş tutan COP30-da COP29, COP30 və COP31 sədrliklərinə verilən mandat əsasında dörd ölkənin əməkdaşlığı ilə ərsəyə gəlib.

Hazırlıq prosesi zamanı 2026-cı ildə dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor və digər maraqlı tərəflərlə geniş məsləhətləşmələr aparılıb. Görüşlər Bakı və Şamaxı da daxil olmaqla, dünyanın müxtəlif şəhərlərində keçirilib. Müxtəlif ölkə və təşkilatlardan təqdim olunan 148 yazılı rəy də nəzərdən keçirilib.

Hesabatda enerji, sənaye, kənd təsərrüfatı, meşəçilik, okeanlar, səhiyyə və şəhərsalma sahələrində istixana qazı emissiyalarını azaltmaq, iqlim dəyişikliklərinə davamlılığı gücləndirmək və yeni iqtisadi imkanlar yaratmaq üçün mövcud həllər yer alıb.

Sənədin rəsmi təqdimatının noyabrın 16-da Antalyada COP31 çərçivəsində keçiriləcək yüksək səviyyəli tədbirdə baş tutacağı bildirilib.