QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Almaniyanın Gelzenkirxen şəhərində parkda ağlayan 31 yaşlı qadına 25 avro cərimə yazılıb. Hadisə oktyabrın 25-də Hassel rayonundakı “Qlükkaufpark”da baş verib.
Suriya əsilli kimya fakültəsi tələbəsi Hana təhsillə bağlı və maddi çətinliklərdən yaranan gərginliyi azaltmaq üçün parka gəlib. O, duyğularını saxlaya bilməyərək uşaq meydançasındakı skamyada əyləşib və ağlayıb.
Əraziyə gələn üç bələdiyyə rəsmisi oyun meydançasında olan iki uşağın ona məxsus olub-olmadığını soruşub. Hana uşaqların ona aid olmadığını deyəndən sonra məmurlar yerli qaydaları əsas gətirərək qadını 25 avro cərimələyiblər.
Gelzenkirxen bələdiyyəsinin ictimai asayiş qaydalarının 12-ci maddəsi uşaq meydançalarından 14 yaşadək uşaqların və onları müşayiət edən böyüklərin istifadəsinə icazə verir.
Tələbə bu tələbdən xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, parkın girişindəki məlumat lövhəsində qadağa aydın göstərilməyib.
Hana cərimə qərarına qarşı çıxsa da, məhkəmə və digər əlavə xərclərdən yayınmaq üçün məbləği ödəməli olub. O, belə həssas vəziyyətdə məmurların şifahi xəbərdarlıq etməsinin yetərli olacağını da qeyd edib.