QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, noyabrın 7-də Günəşdə 24 saat ərzində 29 partlayış qeydə alınıb. Bu say XXI əsrdə müşahidə olunan rekord göstəriciyə bərabərdir.

Məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb. Laboratoriyanın açıqlamasında NOAA-nın beynəlxalq kataloquna əsasən, 2000-ci ildən sonra sutka ərzində 29 Günəş partlayışının cəmi iki dəfə qeydə alındığı bildirilir: 2022-ci il mayın 5-də və 2024-cü il dekabrın 10-da.

Laboratoriya qeyd edib ki, bu dəfəki partlayışların hamısı Günəş diskinin hazırda mərkəzində yerləşən 4566 nömrəli eyni ləkələr qrupunda baş verib.