QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, aktyor Hikmət Rəhimov “Əqrəb mövsümü” serialının ilk mövsümünün çəkilişlərindən sonra ofisiant işləyib, bir müddət qab da yuyub. O, bu barədə “Söhbətgah” podkastında danışıb.

Rəhimov həmin dövrdə heç kəsdən kömək gözləmədiyini bildirib. Aktyorun sözlərinə görə, serialın ilk mövsümü çəkilmiş, ikinci mövsümün hazırlıqları başlanmaq üzrə olsa da, özü restoranda işləyirmiş.

O, iş zamanı baş verən hadisəni belə xatırlayıb: müştərilərin çox olduğu vaxt qablar yığılıb və onları yumağa başlayıb. Bu arada başqa bir müştəri hesabı ödəmək üçün yaxınlaşaraq Rəhimova tanış gəldiyini deyib.

Aktyor həmin şəxsin onu tanıyacağından və niyə bu işdə olduğunu soruşacağından ehtiyat etdiyi üçün üzünü çevirmədən hesabı başqa ofisiantın ödəyəcəyini söyləyib. Müştəri onu görməkdə israr edəndən sonra Rəhimov çevrilib. Həmin şəxs ona “Ayıb olsun! Ayıb olsun bu dövlətə!” deyib.

Rəhimov müştəriyə hesabı ödəyib getməsini xahiş etdiyini bildirib. Onun sözlərinə görə, o zaman vəziyyəti ilə barışmışdı. Adil Kərimli də onunla görüşmüş, vəziyyətindən xəbərdar olmuş və bunun onlar üçün ayıb olduğunu söyləmişdi, lakin aktyora dəstək göstərilməmişdi.

Aktyor əlavə edib ki, həmin müştəri üç gün sonra yenidən gələndə əvvəlki iradlarını təkrarlamayıb. Rəhimov bu təcrübədən insanın heç kimdən heç nə gözləməməli olduğu qənaətinə gəldiyini deyib.