QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Evdə tək” franşizasının yeni filmi ilə bağlı yayılan xəbərlərdə Makoley Kalkinin Kevin Makallister roluna qayıtmasının mümkünlüyü müzakirə olunur. Lakin Kevinin böyük qardaşı Bazzı oynayan Devin Retreyin layihədə iştirakı hələ dəqiqləşməyib.

TMZ-nin mənbəsinin bildirdiyinə görə, Retrey yeni ekran işi barədə məlumat almayıb və ona dəvət göndərilməyib. Aktyorun layihəyə qatılacağı halda filmin uğurlu davamı üçün əlindən gələni etməyə hazır olduğu da qeyd olunur.

Retrey 1990-cı ildə çəkilmiş “Evdə tək”də, eləcə də 1992-ci ilin “Evdə tək 2: Nyu-Yorkda itmiş” filmində Bazz obrazını canlandırıb. O, 2021-ci ildə franşizanın növbəti ekran işində də həmin rola qayıdıb. Filmdə Bazzın böyüyüb polis olduğu göstərilmişdi.

Aktyor şəxsi həyatı ilə bağlı qalmaqalla da gündəmə gəlib. Keçmiş sevgilisi 2021-ci ilin dekabrında Retreyin ona fiziki zorakılıq göstərdiyini iddia edərək məhkəməyə müraciət edib. Şikayətçinin sözlərinə əsasən, mübahisə aktyorun avtoqrafı olan iki şəklin pərəstişkarlara pulsuz verilməsindən sonra yaranıb.

2024-cü ilin fevralında Retrey məişət zorakılığı ilə əlaqəli iki ittihamı qəbul edib. Məhkəmə ona üç il sınaq müddəti verib, həmçinin alkoqol və narkotik asılılığı üzrə reabilitasiya proqramına qatılmağı və müntəzəm testlərdən keçməyi tapşırıb.

Daha əvvəl “Walt Disney Co.” şirkətinin “Evdə tək” seriyasına yeni film əlavə etmək üzərində çalışdığı və baş rolda yenidən Makoley Kalkini görmək istədiyi barədə məlumat yayılmışdı. Layihə hazırda ilkin hazırlıq mərhələsindədir.

Yeni filmdə Kevinin qayıtması ehtimalı müzakirə edilsə də, Bazz obrazının hekayəyə daxil olub-olmayacağı hələ açıqlanmayıb.